Bakıda qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Aqşin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 30-da Suraxanı rayonu ərazisində baş verib. 1988-ci il təvəllüdlü Qasımov Kamil Bəhram oğluna çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 1988-ci il təvəllüdlü Məmmədov Aqşin Rafael oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Kamil Qasımovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
A.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.