Bakıda şirkət və evdən 15 min manatlıq oğurluq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki şirkətlərdən birinin həyətindən 3 000 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri - R.Fərzəliyev, E.Zahidov və X.Cavadov müəyyən edilərək saxlanılıblar.
38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12 000 manat dəyərində elektrik transformatoru, 5 ədəd mühərrik, 2 ədəd qaynaq aparatı, dəmir boru və daş karxanasına aid digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb.