Baku Medical Plaza (BMP) pasiyentin xəstəxanada vəfat etməsi ilə bağlı açıqlama verib.
BMP-dən “Report”a bildirilib ki, Azərbaycan Silahı Qüvvələrinin zabiti, 1982-ci il təvəllüdlü Rəşad Səbzulla oğlu Mahmudov meydana gələn simptomlara görə müraciət etdiyi Hərbi Hospitalda ona beynin mininqioması (xoşxassəli şiş) diaqnozunu qoyulub. Vəziyyətinin anidən pisləşməsi səbəbindən ailəsi Baku Medical Plazaya, yəni özəl xəstəxanaya müraciət edib:
“Dekabrın 15-də neyrocərrah Tural Rəhimli şişin alınması üzrə əməliyyat keçirib. Həkim əməliyyat üçün ödəniş götürməyib. Rəşad Mahmudovun həyat yoldaşı Yuliya xanımın sözlərinə görə, əməliyyatdan bir müddət sonra Rəşadda klebsiella infeksiyası nəticəsində aspirasion pnevmoniya aşkar edilib, nəticədə həkim onu reanimasiyada saxlamaq qərarına gəlib. Rəşad ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulub.
Klinikamızın reanimasiya şöbəsində mütəmadi olaraq infeksiya kontrol şöbəsi tərəfindən infeksiyalara qarşı nümunələr götürülür və bu nümunələrdə adı çəkilən klebsiella virusu aşkarlanmayıb. Bu tip viruslar hər insanın orqanizmində mövcud olan və immun sisteminin aşağı düşməsi ilə üzə çıxan viruslardır. Pasiyentin müalicəsi aspirasion pnevmaniya diaqnozu ilə reanimasiya şəraitində davam etdirilib. Klinika olaraq hərbçimiz üçün əlimizdən gələn hər bir şeyi etdik. Həkim heyəti və tibbi personalın səylərinə baxmayaraq təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı.
Qeyd edək ki, Rəşad Mahmudov səhhəti ilə bağlı Vətən müharibəsində iştirak etməyib”.
Bakıda özəl klinikaların birində ölüm hadisəsi baş verib.
“Report”un xəbərinə görə, 1982-ci il təvəllüdlü Rəşad Mahmudov Baku Medical Plazada baş nahiyəsindən əməliyyat olunub.
Vəziyyəti ağır olan R.Mahmudov infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.