Bəzi kütləvi informasiya vasitələrində “Kat Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ələkbərov Elçin Bəşir oğlunun vəzifələrinin icrası zamanı qanun pozuntularına yol verməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, Litva Respublikasının vətəndaşı Pocius Povilasın məsələyə dair şikayətinin əsassız olması, Elçin Ələkbərovun həbs edilməsindən sonra tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi və buna görə də, şikayətçi olmaları barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
"Report"un xəbərinə görə, Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, həmin məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkzib olunur:
"Belə ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın və Litva Respublikasının vətəndaşı Pocius Povilasın müraciətləri əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərov həmin Cəmiyyətin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, MMC tərəfindən inşa edilmiş binalarda olan mənzilləri almaq üçün Cəmiyyətə müraciət etmiş ayrı-ayrı şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin 1 milyon 380 min manatını hesaba mədaxil etməyərək mənimsəməsi nəticəsində sözügedən binaların inşası başa çatdırılmayıb, bu da öz növbəsində çoxsaylı vətəndaşların şikayətinə səbəb olub.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə Ələkbərov Elçin Bəşir oğlu və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Vətəndaşların hüquqlarının bərpa edilməsi istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək".