Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
"Report"un məlumatına görə, birgə məlumatda deyilir ki, aprelin 8-də gecə saat 3 radələrində naməlum şəxsin Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməsi barədə rayon prokurorluğuna və polis idarəsinə məlumat daxil olub.
"İlkin araşdırmalarla müəyyən edilib ki, naməlum şəxs Yelena İvanovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq silah qismində istifadə olunan bıçaq tətbiq edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq edib. Həmin şəxs ev sahibəsinin kənar şəxsləri köməyə çağırmasının, eləcə də hüquq-mühafizə orqanlarına məlumat verməsinin qarşısını almaq və qabaqcadan planlaşdırdığı cinayətkar məqsədinə nail olmaq üçün əli ilə onun sifət nahiyyəsinə bir neçə zərbə vurub, bıçaqla qol nahiyyəsinə xəsarət yetirib və pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.
Cinayət hadisəsini törədənin şəxsiyyətinin müəyyən olunaraq tutulması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə cinayət əməlinin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir".
Qeyd edək ki, Yelena İvanova Azərbaycanda AZAL, "Turan Tovuz" və "Şüvəlan" klublarında çıxış etmiş gürcüstanlı veteran futbolçu Nuqzar Kvirtiyanın qaynananısıdır.