Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən ikimərtəbəli binanın zirzəmisindən 3 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan “Report”a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bərdə Rayon Polis Şöbəsinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd F-1 əl qumbarası (partladıcısız) və 31 ədəd müxtəlif çaplı patronlar (28 ədəd 7.62 mm və 3 ədəd 5.45 mm) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının və patronların ətrafında 100 kv.m əraziyə yerüstü, 4 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.