Bərdədə körpələr evinin müdirinə hədə-qorxu gəlməkdə təqsirləndirilən Qurban Alışanov, Seymur Məmmədov və Elvin Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report"un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu il mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edərək həmin gün saat 15 radələrində kənd ərazisində özlərini televiziya əməkdaşları kimi təqdim edən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etmələrini bildirib.
Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıb.