Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinində "Kalaşnikov" avtomatı aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Əli Allahverdiyev idarə etdiyi avtomobildə saxlanılıb.
Aparılan axtarış zamanı avtomobildən texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 7,62 çaplı 30 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, Ə.Allahverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.