Cəzaçəkmə müəssisələrindən xüsusi reportaj: əl əməyi, göz nuru... - VİDEO

Cəzaçəkmə müəssisələrindən xüsusi reportaj: əl əməyi, göz nuru... - VİDEO Suvenirlər, nərdlər, təsbehlər, bəzək əşyaları. Amma bura hansısa sərgi deyil, cəzaçəkmə müəssisəsidir
Hadisə
29 Yanvar , 2021 17:50
Cəzaçəkmə müəssisələrindən xüsusi reportaj: əl əməyi, göz nuru... - VİDEO

Cürbəcür suvenirlər, nərdlər, təsbehlər, bəzək əşyaları. Necə deyərlər, hamısı əl əməyi, göz nurudur. Amma bura hansısa sərgi deyil, cəzaçəkmə müəssisəsidir. Bu məhsulları müəssisə tərəfindən ödənişli qaydada fərdi əməyə cəlb edilən məhkumlar hazırlayıb. Cəzaçəkmə müəssisələrinin əksəriyyətində bu cür fəaliyyət həyata keçirilir, həmçinin məhkumlar müxtəlif istehsalat sahələrinə cəlb edilirlər.

“Report” Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində əməyə cəlb olunma işinin vəziyyətinə dair xüsusi reportaj hazırlayıb.

Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamına əsasən, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanlarının araşdırılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması məqsədi ilə tədbirlər görülüb.

Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 504 yeni iş yerləri, əlavə olaraq ümumilikdə 45 istehsal sahəsi, 18 ədəd tərəvəz yetişdirmək üçün istixanalar açılıb və nəticədə cəzaçəkmə müəssisələrində istehsalat və fərdi əmək səhəsində işləyən məhkumların sayı 2019-cu illə müqayisədə 2020-ci ildə 23 % artım müşahidə olunub.

Sərəncamın icrası ilə əlaqədar internetdə yaradılmış “Həbsxana incəsənəti” adlı onlayn mağazada suvenirlərin satışından 2019-cu il ilə 2020-ci ilin müqayisəsində 36 % artım ilə vəsait əldə olunaraq internet satış məntəqəsinin hesabına toplanıb. Həmin vəsaitlər aidiyyəti müəssisələr üzrə büdcədənkənar hesablarına köçürülüb.

İstehsalat sahələrinin təşkili üçün cəzaçəkmə müəssisələrinə iş adamları dəvət olunub. Mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanlarının araşdırılması nəticəsində 12 şirkət və firma, 24-dən çox sahibkar və iş adamlarının iştirakı ilə müəssisələrdə tikiş (qış gödəkcələri, xələt, yataq dəstləri, klassik şalvarlar), metal tor, kimyəvi xromlaşdırma, yeni mebel sexləri, qızdırıcı sobalar, mismar istehsalı, moydadır (hamam şkafı və aksesuarları) taxta qurutma, taxta yeşiklərin hazırlanması, kürə çörəyinin bişirilməsi, şirniyyat istehsalı, heykəltəraşlıq, polietilen paketlər, xalça sexləri, 23 adda tərəvəz yetişdirmək üçün istixana təşkil olunub.

Mütəmadi olaraq müəssisələrdə yeni istehsal sahələrinin təşkili üçün danışıqlar aparılır.

1 saylı cəzaçəkmə müəssisəsində fərdi əməyə cəlb olunaraq suvenir hazırlanması ilə yanaşı, laminat istehsalı üçün də yeni sex fəaliyyətə başlayıb.

15 saylı cəzaçəkmə müəssisəsində qapı-pəncərə, taxta, dəmirçi-qaynaq, tikiş və suvenir sexləri fəaliyyət göstərir.

Ərazisi 1 000 kv.m təşkil edən taxta emalı yarımfabrikində döşəmə üçün taxta, divar və tavan üçün taxta örtüklər, parket və plastik qapı və pəncərə istehsalı davam etdirilir, Müəssisədə mələfə, yastıq üzü və əl-üz dəsmalı istehsal olunur.

6 saylı cəzaçəkmə müəssisəsində suvenir sexi ilə yanaşı, mebel sexi və çörək sexi də fəaliyyət göstərir.

11 saylı cəzaçəkmə müəssisəsində isə vanna-hamam aksesuarları hazırlanan sexlərdə müxtəlif çeşiddə məhsullar hazırlanır. Bundan başqa, taxta sexi ilə yanaşı, dəmir sexi də var ki, burada zibil qabı, yanğın lövhəsi, xalça toxumaq üçün xana, NATO standartlarına uyğun çarpayı, dəmir barmaqlıqlar, kənd təsərrüfatı malası və sifarişə uyğun olaraq digər məhsullar hazırlanır.

Qadın məhbusların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində isə xalça toxuma, tikiş, çörək və şirniyyat sexləri var ki, burada da müxtəlif məhsullar istehsal edilir.

Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə Penitensiar Xidmətin Tərbiyə müəssisəsində heykəltəraşlıq dərnəyi fəaliyyət göstərir. Bu isə yeniyetmə məhkumlarda əməyə müsbət münasibətin aşılanmasına və azadlığa çıxdıqdan sonra cəmiyyətə daha tez adaptasiya olunmalarına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi