Bərdə rayonunda 16 yaşlı qızın təcavüzə məruz qalması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, qurumun Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu və rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailəyə səfər ediblər.
Əvvəlcə ata və qızı ilə birgə hadisənin təfərrüatı haqqında danışılıb, daha sonra isə fərdi qaydada söhbət aparılıb. Söhbət zamanı azyaşlının psixoloji vəziyyətinin yerində olduğu və ətrafında olan insanlar tərəfindən hər hansı bir kobud rəftar görmədiyi və psixososial dəstəyə ehtiyacı olmadığı bildirilib.
Yeniyetmənin atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüzkarın qanun qarşısında cəzalandırılmasıdır.
Aidiyyəti qurumlar tərəfindən əlaqələndirilmiş fəaliyyət davam etdirilir.