Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əməliyyat keçirib, saxlanılan var.
Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mart ayının 2-də saat 21:05 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfərin olduğu “VAZ-2107” markalı 19-BK-024 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək orada gizlədilmiş idman çantası və bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb. Onun Füzuli rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədov Tahir Məmmədqulu oğlu olması müəyyənləşdirilib, əlindəki idman çantası və bağlamaya baxış zamanı içərilərində ümumi çəkisi 14 kiloqram 200 qram narkotik vasitə (5800 qram “marixuana”, 4200 qram “heroin”, 2100 qram “tiryək”) və psixotrop tərkibli həblər (1900 ədəd “metadon-40”, 290 ədəd "Gabaprel 300”) aşkar olunaraq götürülüb.
Araşdırma zamanı göstərilən şəxsin eyni cinayətə görə əvvəllər məhkum olması müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.