Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yollarda aqressivlik nümayiş etdirən, zorakılığa əl atan sürücülərə xəbərdarlıq edib.
DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli "Report"a bildirib ki, iyunun 24-ü axşam saatlarında Nərimanov rayonu ərazisində yol hərəkəti zəminində sürücülər arasında mübahisə baş verib və həmin mübahisə bir sürücünün qətli ilə nəticələnib.
O, yollarda diqqətli olmağı, qaydaları pozmamağı və hərəkət iştirakçılarına qarşı nəzakətli olmağı tövsiyə edib: “Son zamanlar yollarda aqressiya göstərərək sürücülük mədəniyyətindən, həmçinin insanlıq mövqeyindən kənarlaşaraq səbirsizlik nümayiş etdirən sürücülərlə tez-tez rastlaşırıq. Hətta bu cür sürücülərin hərəkətləri sosial şəbəkələrdə də yayılır. Dövlət Yol Polisi İdarəsi olaraq həmin sürücüləri idarəyə dəvət edərək onlarla profilaktik söhbətlər aparırıq və etdikləri hərəkətin təhlükəli olduğunu izah edirik.
Qeyd edim ki, ötən gün yol verməmək üstündə baş vermiş qətl hadisəsi hamımızı təəssüfləndirdi. Buna görə də bir daha sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yollarda hərəkət edərkən qanunlara birmənalı olaraq əməl etsinlər, anlaşılmazlıq baş verən zaman isə aqressiv hərəkətlərə yol verməsinlər. Əgər yolda kiminsə etdiyi hərəkət onu psixoloji durumdan çıxarırsa, yaxşı olardı ki, bu halların baş verməməsi üçün psixoloqlara müraciət edərək öz sağlamlıqları ilə məşğul olsunlar. Qayda pozan sürücülərlə bağlı isə yol polisinə şikayət etsinlər ki, məsələni biz araşdıraq və qanun çərçivəsində tədbirlər görək”.