Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
“Report” xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 11 nəfərə şamil olunub.
Tədbir zamanı İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 7 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 4 məhkumun cəzası isə yarıya endirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib.
Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.
Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.