Vətən müharibəsindən sonra hər il milyonlarla manat minatəmizləmə əməliyyatlarına ayrılır.
"Report" xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan humanitar minatəmizləmənin 94-95 faizini öz dövlət büdcəsi hesabına həyata keçirir:
"Təkcə antiterror əməliyyatları zamanı azad edilən ərazilərdə ermənilər tərəfindən 500 mindən çox mina və partlamamış hərbi sursat yerləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq mina-tələlərə (booby traps) rast gəlinir. Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus, Xocalı rayonunda, Ağdam rayonunun Orta Qarvand, Xocavənd rayonunun Bulutan kəndlərinin ərazisində, Füzuli rayonunun Qorqan kand qəbiristanlığında sürpriz formaya salınmış yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyan mina tələlər tapılaraq zərərsizləşdirilmişdir. Ən çox mina-tələlərə Xankəndi şəhəri ərazisində rast gəlinir".