Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyası çərçivəsində iyunun 17-də Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasının tətbiqi ilə bağlı Azərbaycan üzrə monitorinq hesabatının müzakirəsinə dair videokonfrans formatında dinləmə keçirilib.
Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə iştirak edən ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə yerli və regional demokratiyanın vəziyyəti, eləcə də Avropa Xartiyasının icrası ilə bağlı çıxış edib.
Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bələdiyyə institutunun inkişafı, bu sahədə qanunvericilik və institusional islahatlar aparılaraq bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, müstəqilliyinin artırılması, yerli özünüidarəetmə fəaliyyətinin müasir tələblərə uyğun, şəffaf qurulması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Həmçinin Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodoloji yardımın göstərilməsi, bələdiyyə üzvlərinin və qulluqçularının tədrisi və maarifləndirilməsi sahəsində görülən işlər vurğulanıb, Konqreslə səmərəli əməkdaşlıq qeyd edilib.
Bildirilib ki, Konqresin tövsiyələrinə uyğun olaraq artıq ənənəyə çevrilmiş "Yerli demokratiya həftə"ləri çərçivəsində bələdiyyələrdə "açıq qapı" günləri, əhali ilə təşkil olunan görüşlər yerli özünüidarə ilə bağlı vətəndaşların maarifləndirməsinə xidmət etməklə "vətəndaş-bələdiyyə" əlaqələrini möhkəmləndirir.
Videokonfransda torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə həmin ərazilərdə bələdiyyə institutunun yaradılmasının qeyri-mümkünlüyü və keçmiş məcburi köçkünlərimizin uzun illərdir yerli özünüidarə hüququndan tamamilə məhrum olduğu xüsusilə diqqətə çatdırılıb, ötən il Ermənistanın hərbi təxribatlarına cavab olaraq aparılmış Vətən müharibəsində ölkəmizin qələbə qazanaraq işğala son qoyduğu vurğulanıb.
Müharibənin dinc əhalimiz üçün ağır nəticələri barədə Nazirlik tərəfindən Konqresin ətraflı məlumatlandırıldığı bildirilərək hazırda həmvətənlərimizin öz doğma torpaqlarına qayıdışını təmin etmək məqsədilə azad olmuş ərazilərdə nəhəng bərpa və quruculuq işlərinin aparıldığı qeyd olunub.
Lakin Ermənistan tərəfindən soydaşlarımızın təhlükəsiz qayıdışına əngəl törətmək məqsədilə ərazilərimizin minalandığı və bunun mülki əhali arasında yeni qurbanlara səbəb olduğu, müharibədən sonra 140 nəfərdən çox insanın minalara düşdüyü, onlardan 27-nin, o cümlədən bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla 3 nəfərin həlak olduğu diqqətə çatdırılıb.
Yalnız beynəlxalq ictimaiyyətin çağırışlarından sonra Ermənistanın təkcə Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdiyi qeyd olunaraq, insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması naminə Konqres üzvləri işğaldan azad edilmiş digər ərazilərdə də Ermənistanın quraşdırdığı mina xəritələrini verməsi ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün səslərini ucaltmağa çağırılıb.
Tədbirdə bu problemin həllindən sonra azad edilmiş ərazilərimizə qayıdacaq vətəndaşlarımızın yerli özünüidarəetmə hüquqlarının təmin edilməsində Konqresin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.
Konqres üzvləri tərəfindən ölkəmizdə yerli özünüidarəetmənin inkişafı istiqamətində həyata keçirilən müsbət tədbirlər qeyd olunub, Azərbaycanla dialoqun və konstruktiv əməkdaşlığın aparılmasına hazır olduqları bildirilib, bələdiyyə institutunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib, suallar cavablandırılıb.