Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov şəhid Elvin Sarvan oğlu Şıxəliyevin ailəsi (Şirvan şəhəri) ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən "Report"a verilən məlumata görə, H.Məmişov doğma yurd yerlərimizin erməni faşizminin işğalından azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Elvin Şıxəliyevin xatirəsinin daim ürəklərdə yaşayacağını deyib.
Fond sədri şəhid ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını bildirib. Prezident İlham Əliyevin Fərmanı ilə növbəti qayğı olaraq, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün yanvarın 1-dən 300 manatdan 500 manata çatdırıldığını qeyd edib.
Elvin Şıxəliyevin ailəsinə də Prezidentin aylıq təqaüdünün, habelə sosial müavinətin artıq təyin olunduğunu bildirən Fond sədri ailəyə təqaüd kartını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib. Şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə ailəyə ətraflı məlumat verilib.