Bakıda 22 yaşlı şəxsi öldürməkdə təqsirləndirilən Abbasov Əli Allahverdi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatındadır. Məhkəmənin vaxtı hələlik məlum deyil.
Xatırladaq ki, martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, Nəsibov Bəxtiyar Əli oğlu idmançı olub.