Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda insident baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, alkoqollu içkinin təsiri altında olan şəxs yanacaq doldurma məntəqəsinin (YDM) ərazisində yerləşən supermarketin kassirini təhqir edib.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, 1984-cü il təvəllüdlü həmin şəxs operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Əvvəllər bir neçə dəfə məhkum edilmiş gənc zorakılıq və xuliqanlıqda ittiham olunur.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs qadın kassiri təhqir etdikdən sonra üzərinə kənd təsərrüfatı aləti atıb. Gənc həmçinin onu sakitləşdirməyə çalışan YDM-in operatorunu da təhqir edərək ona qarşı fiziki təzyiq göstərib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
“Report”un əldə etdiyi məlumata əsasən, YDM operatoru etnik azərbaycanlıdır. O, gürcü qadın kassirin müdafiəsinə qalxıb və döyülüb.