Hacıqabulda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Ağayev Güləhməd Xanəhməd oğlu hadisə yerində ölüb. Qəza zamanı daha 5 nəfər isə - Saatlı sakini, 1960-cı il təvəllüdlü Mikayılov Rzalı İsmayıl oğlu, İmişli sakinləri, 2015-cı il təvəllüdlü Bayramov Hüseyn Mövsüm oğlu, 1968-ci il təvəllüdlü Əliyev Hacıbala Polad oğlu, 1986-cı il təvəllüdlü Quliyeva Esmira Nadir qızı və 1980-cı il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə "Report"a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.