Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Bu barədə "Report"a xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Ramiz Yunis oğluna qohumu Astara şəhər sakini İbrahimov İlqar Səfər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyat qutusunun içərisində gizlədilən 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,993 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,456 qram olan narkotik maddə - tiryək aşkar edilib.
Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Xəlilov Samir Əlibala oğluna tanışı Bakı şəhər sakini Savalanlı Ayxan Rövşən oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan şor məhsulunun içərisində xüsusi üsulla gizlədilən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,912 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.