İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb:
"İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib".
Məlumatda qeyd edilib ki, bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib:
"Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib.
“Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə C.Surxayev dörd ay müddətinə həbs edilib.
Qeyd edək ki, o ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onunla birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da tutularaq istintaqa cəlb olunub. İndiyə qədər Ə. Süleymanov barəsində məhkəməyə təqdimat daxil olmayıb.