Korrupsiyada təqsirləndirilən gömrük əməkdaşlarının məhkəməsi başlayıb

Korrupsiyada təqsirləndirilən gömrük əməkdaşlarının məhkəməsi başlayıb Bakı Baş Gömrük İdarəsinin əməliyyat nəticəsində həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hadisə
26 Avqust , 2021 17:44
Korrupsiyada təqsirləndirilən gömrük əməkdaşlarının məhkəməsi başlayıb

Bakı Baş Gömrük İdarəsinin əməliyyat nəticəsində həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərdən Ceyhun Şabanov, Mirağa Ağayev və Emin Xəlilovun vəkilləri müvəkkillərinin ittihamda göstərilən cinayət işi ilə əlaqələri olmadığını bildiriblər. Onlar təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsini xahiş ediblər.

Hakim vəsatətin hazırlıq iclasının predmetinə daxil olmadığını bildirib və vəsatətə növbəti prosesdə baxılacağını deyib.

Vəkillər eyni zamanda müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər.

Hakimlər bu vəsatəti də təmin etməyiblər.

Məhkəmədə təqsirləndirilən şəxs Elmar Mirzəyevin vəkillərinin növbəti vəsatətləri istintaq zamanı müvəkillərinin telefonundan çıxarılan məlumatların sübutlar siyahısından çıxarılması olub.

Lakin bu vəsatət də təmin edilməyib.

Məhkəmənin baxış iclası sentyabrın 6-na təyin olunub.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.

Baş Gömrük İdarəsində keçirilən birinci əməliyyatdan bir gün sonra daha bir əməliyyat keçirilib və həmin əməliyyat zamanı idarə əməkdaşları Sadiq İsgəndərov və Azər Baxşyev saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi