Nazirliyin vəzifəli şəxsi həbs edildi

Nazirliyin vəzifəli şəxsi həbs edildi Cinayət işi üzrə aparılan intensiv istintaq-əməliyyat tədbirləri ilə Oruc Məmmədovun, həmçinin, digər qanunsuz hərəkətlərə yol verməsi faktları da müəyyən edilib
Hadisə
22 Aprel , 2021 12:09
Nazirliyin vəzifəli şəxsi həbs edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Cinayət işi üzrə aparılan intensiv istintaq-əməliyyat tədbirləri ilə Oruc Məmmədovun, həmçinin, digər qanunsuz hərəkətlərə yol verməsi faktları da müəyyən edilib.

Belə ki, Oruc Məmmədovun öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb.

Qeyd olunanlarla bağlı Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayət işi üzrə cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi