Bilik səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin edən və respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 70 faizini təşkil edir:
"Onu da qeyd etmək lazımdır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 15.04.2020-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 01.10.2020-ci il tarixdə başa çatdırılacaqdır.
Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, normalarma dair verilmiş təlimata uyğun olaraq, sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan tələb olunan sənədlərin fotosurətini Baş Prokurorluğun [email protected] elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, yeri və digər məsələlər barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (www.prokurorluq.gov.az, www.genprosecııtor.gov.az, @prokurorluq) veriləcəkdir.
Sənəd qəbulu ilə bağlı əlavə suallarınız olduğu halda 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə edə bilərsiniz".