Qazax rayonunda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elvin Namazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Xəqani Səmədovun icraatındadır.
Hazırlıq iclası martın 18-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 20-də baş verib. Qazax rayon sakini Şahquliyev Qəhrəman Mübariz oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmiş şəxsin qonşusu Namazov Elvin Elçin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Qəhrəman Şahquliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Daha sonra E.Namazov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.