Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin təmsilçilərindən ibarət İşçi qrup yaradılacaq və birgə fəaliyyət planı hazırlanacaq.
"Report" xəbər verir ki, bununla bağlı hər iki qurumun nümayəndələri arasında Ankarada baş tutan görüşdə razılıq əldə olunub.
İdarənin sədr müavini Abdulhadi Turus qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək QHT Agentliyi ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını ifadə edib.
QHT Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və qurumun icraçı direktoru Aygün Əliyeva səmimi qəbula görə İdarə rəhbərliyinə təşəkkür edərək iki qardaş ölkənin vətəndaş cəmiyyəti təsisatlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıblar. Razılaşmaya əsasən, İşçi qrup qısa müddətdə öz işinə başlayacaq.
Qeyd edək ki, Azərbaycanda nümayəndə heyəti həmçinin Türkiyə Böyük Millət Məclisində də olublar. Qonaqları Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qarşılayıb. O, Agentlik rəsmilərinin Türkiyə səfərindən məmnun olduğunu, birgə əməkdaşlığın faydasını vurğulayıb. Şamil Ayrım vətəndaş cəmiyyəti təsisatları ilə bağlı hər iki ölkənin qanunvericiliyi sahəsində təcrübə mübadiləsinə ehtiyac olduğunu da söyləyib.