Həbs edilən icra başçısının məhkəməsi başlayır

Həbs edilən icra başçısının məhkəməsi başlayır Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb
Hadisə
20 Aprel , 2021 11:20
Həbs edilən icra başçısının məhkəməsi başlayır
Ceyhun Cəfərov

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəmiş, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində almış, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.

İş üzrə toplanan sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri - Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulan maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi