Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edilməsi hallarına qarşı Dövlət Yol Polisi (DYP) xidməti tərəfindən aparılan mübarizə tədbirləri hüquqpozmaların qarşısının alınması məqsədilə ilin sonunadək davam edəcək nəzarət-profilaktik tədbirlər çərçivəsində daha geniş miqyasda həyata keçirilməkdədir.
Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verib.
Bildirilib ki, yol hərəkət iştirakçılarının həyat və sağlamlığı, ümumilikdə cəmiyyət üçün təhlükəli hal hesab olunan hüquqsuz, eləcə də sərxoş vəziyyətdə avtomobil idarə olunması kimi kobud qayda pozuntularının ağır faciələrə, maddi və mənəvi zərərə səbəb olmadan vaxtında aşkarlanması, belə neqativ əməllərə meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlərin görülməsi, həmçinin ictimaiyyət və media nümayəndələrinin yaxından dəstəyi ilə maarifləndirmə, təbliğat-təşviqat xarakterli iş aparılması tədbirin əsas qayəsi olub.
Gəncə, Ağsu, Qax, Qazax, Qəbələ, Qusar, Zaqatala, Yardımlı, Kürdəmir, Goranboy, Lerik, Mingəçevir, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Cəlilabad, Şəki, Şəmkir, Şirvan, Gədəbəy və Xocalı rayon DYP əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə və ya hüquqsuz idarə edən şəxslər saxlanılaraq barələrində qanuna uyğun inzibati tənbeh tədbirləri görülüb, bu kimi halların yaranma səbəb və şəraiti araşdırılaraq gələcəkdə təkrarlanmaması üçün profilaktiki söhbətlər aparılıb.