Azərbaycan elminə ağır itki üz verib.
"Report"un xəbərinə görə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin uzun illər müdiri olmuş, “Şərq fəlsəfəsi problemləri” adlı beynəlxalq elmi-nəzəri jurnalın baş redaktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə 89 yaşında vəfat edib.
Qeyd edək ki, Z.Quluzadə 1932-ci il martın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Postsovet ölkələrinin elmi mühitində nüfuzlu alim kimi tanınan Zümrüd Quluzadə 2010-cu ildən Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü seçilib. Zümrüd Quluzadənin elmi yaradıcılığı ölkə ictimaiyyəti və Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən daima yüksək qiymətləndirilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.