Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət edib

Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət edib Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub.
Hadisə
11 Yanvar , 2022 17:45
Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət edib

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, onun şikayətində göstərilib ki, KİVDF həqiqətən Mətbuat prospektidə yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərib.

Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur: “Həmin müqavilələr üzrə ödəniş sənədləri də cinayət işinin materiallarına əlavə edilib”.

Şikayətdə qeyd edilib ki, V.Səfərli tərəfindən ödənilmiş icarə haqqı üzrə hər hansı məbləğ mənimsənilməyib: “İcarə sahəsinin yerləşdiyi binada dövlət hesabına maliyyələşən digər qurumlar, QHT fondu və digər fondlar fəaliyyət göstərib. Bina əlverişli məkanda, nəşriyyata və redaksiyalara yaxın mövqedə yerləşir. Fondun fəaliyyət göstərdiyi ünvan üzrə ödənilən icarə haqqının dövlət tərəfindən müəyyən edilən standartdan artıq olmasına dair dövlət orqanlarından heç vaxt irad bildirilməyib”.

Eyni zamanda apellyasiya şikayətində icarə haqqının bazar qiymətlərindən artıq olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın da təyin edilməsi tələb olunur: “Bu hal məhkəmə iclasında şahid qismində dindirilən "Azərmətbuatyayım" ASC-nin nümayəndəsinin ifadəsi ilə də öz əksini tapıb. Hadisənin mexanizmindən görünür ki, müqavilə əsasında pul vəsaiti Fonda ayrılıb və eyni qaydada da “icarə haqqı” təyinatı ilə Həsənli Şamxal Əli oğlunun hesabına transfer edilib. Belə olan halda həmin pul vəsaitlərinin ayrıldığı və çatdığı yer bəllidir. Göründüyü kimi, icarə haqqı üzrə hər hansı məbləğdə pulun Vüqar Səfərliyə qaytarılmaması və yaxud bu epizod üzrə onun hər hansı formada bəhrələnməməsi onun qeyd edilən epizod üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə məsuliyyətini istisna edir”.

Müdafiə tərəfi həmçinin apellyasiya şikayətində jurnalistlər üçün inşa edilən binaların tikintisi zamanı yol verilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus 16 928 086,44 manat məbləğində pul vəsaitinin talanması epizodu üzrə də aparılan məhkəmə istintaqından narazı olduğunu qeyd edib: “Həmin epizod üzrə Vüqar Səfərlinin əməlində talama cinayətinin tərkibini yaradan heç bir fakt yoxdur. Həmçinin qeyd edilməlidir ki, tikinti üzrə ziyan Vüqar Səfərli tərəfindən deyil, Ədalət Vəliyev (Əli Həsənovun bacanağı) tərəfindən ödənilib. Belə ki, Ədalət Vəliyev “Portos” MMC-də vəzifəyə münasibətdə formal bir şəxs olmasını bildirsə də, 36 000 000 manat dəyərində olan əmlakı ziyanın əvəzini ödəmək üçün təqdim edib. Həmçinin iş materiallarından görünür ki, “Portos” MMC Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus olub. Tikintinin əvvəldən axıra qədər aparılmasında bütün göstərişlər Əli Həsənov tərəfindən verilib (şahid ifadələrinə əsasən). Vüqar Səfərli Əli Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmayıb”.

Şikayətdə qeyd edilib ki, bu epizod üzrə V.Səfərli günahkar deyil, onun barəsində bəraət hökmünün çıxarılması istənilir.

V.Səfərlinin müdafiəçiləri Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov və onun oğlu Şamxal Həsənlinin məhkəməyə çağırılmasını, dindirilməsini və cinayət işi üzrə epizodlara aydınlıq gətirmələrini tələb edirlər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabında olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi