Xocavənd rayonunun Cəmiyyət kəndində “Mercedes” markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, qəza zamanı Süleymanova Vəfalə Qərib qızı (sağ çiyinin küt travması xəsarəti - red), Kərbəlayev Vüsal İsmayıl oğlu (sol çiyinin əziyi), Kərbəlayev Əflatun İsmayıl oğlu (döş qəfəsin küt travması), Fətullayev Sərvər Əhməd oğlu (sağ çiyinin küt travması) xəsarət alıblar.
Qeyd edək ki, Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb əyləc sistemində yaranan nasazlıq olub. Hadisə zamanı mikroavtobusda 17 nəfər olub. Onlardan 8-i xəsarət alıb. Digər yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.
Qəza zamanı xəsarət alanların hamısı işğaldan azad edilən ərazilərdə çalışan işçilər olub. Yaralılardan bəziləri Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xocavənd rayonunun Cəmiyyət kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report" xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitəsinin fəhlələri daşıdığı bildirilir.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı "Report"a təsdiqləyib.
O, bildirib ki, faktla bağlı araşdırma aparılır.
Nəcməddin Quluzadə