Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) küləkli və yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BDYPİ-dən "Report"a daxil olan müraciətdə deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün gecədən başlayaraq martın 5-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı məsuliyyətli və şəfqətli davranmağı xahiş edir.
Xatırladaq ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin texniki vəziyyətinə, o cümlədən şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək, mümkün qədər günün işıqlı vaxtı yola çıxmaq, sürət həddini düzgün seçmək, ara məsafəsini normadan artıq saxlamaq, eləcə də zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlərdən və kəskin tormozlamadan çəkinmək avtonəqliyyat vasitələrində hərəkət zamanı təhlükəsizliyə zəmanət verən amillərdir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Piyadalar isə küləkli və yağışlı havalarda daha da məsuliyyətli olmalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".