Zeynəb Xanlarovanın bacısı oğlu barədə həbs qərarı verilib

Zeynəb Xanlarovanın bacısı oğlu barədə həbs qərarı verilib Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.
Hadisə
25 Dekabr , 2020 12:05
Zeynəb Xanlarovanın bacısı oğlu barədə həbs qərarı verilib
Zeynəb Xanlarova
0 : 00
0 : 00

Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu Daşqın Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar verib.

Qərara əsasən, onun barəsində 2 aylıq müddətinə həbs qətimkan tədbiri seçilib.

11:55

Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.

“Report” xəbər verir ki, iki ilə yaxındır istintaqdan gizlənən D.Nəsirov polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a faktı təsdiqləyib.

Rəsmi məlumata əsasən, 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan D.Nəsirovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib.

Fakt üzrə Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Xatırladaq ki, 90 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayeva mətbuata açıqlamalarında bildiriblər ki, onlar sənəd üzərində “öldürüb”lər. Belə ki, hər iki şəxsin iddialarına görə, onlara aid bağ torpaq sahələri ələ keçirilib. Hazırda həyatda olan qadınların əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var. Qadınlar qeyd edir ki, Türkan qəsəbəsində torpaqları zəbt edilib.

Əzizə Atayevanın “ölüm haqqında şəhadətnamə”sində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub. Qadın işin üstü açılandan sonra özünün, övladlarının ölümlə təhdid edildiyini deyir.

20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) “öldürülüb”. Hər iki qadın baş vermiş hadisədə icra nümayəndəsi Rahil Babayevin və bələdiyyə sədrinin adını çəkirlər.

Bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.

Son xəbərlər

Orphus sistemi