“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordudan "Report"a verilən məlumata görə, artilleriya bölmələri “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb.
Döyüş şəraitinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilən taktiki təlimlərdə bölmələrin uzlaşmasına və səhra vərdişlərinin yüksəldilməsinə, taktiki və atəşlə manevrinə geniş yer verilib.
“Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası zamanı artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda keçirilən təlimlərdə müdafiə olunan bölmələrimizin atəş dəstəyi həyata keçirilib, ən uzaq hüdudlarda pilotsuz uçuş aparatları və digər kəşfiyyat vasitələri ilə aşkar edilmiş düşmən hədəfləri məhv edilib.
Tank təhlükəli istiqamətdə tankəleyhinə batareyalar və düzünə tuşlamaya çıxarılmış toplar şərti düşmənin zirehli texnikalarını sıradan çıxarıb.
Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə batareyaları praktiki atışlardan öncə Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğularında müvafiq tapşırıqları icra edib. Təlimlər zamanı Vətən müharibəsində düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetirmiş Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə bölmələrinin döyüş təcrübəsi gənc heyətlərə öyrədilib, virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atışın idarəolunması həyata keçirilib.
Təlimlərin sonunda bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.