Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlər İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid iyunun 8-də və 9-da təşkil olunan mərhələlərlə başa çatıb.
"Report" xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətinin də izlədiyi təlimlərin iyunun 9-da keçirilən sonuncu mərhələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxışı ilə yekunlaşıb.
Bağlanış mərasimində əvvəlcə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin ən böyük hərbi təlimlərindən olan “Efes-2022”nin məqsəd və hədəfləri barədə müfəssəl məlumat verib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyib.
Türkiyə Silahlı Qüvvələrinin “Mehtaran” qrupunun çıxışından sonra türk ulduzları nümunəvi uçuşlar həyata keçiriblər.
Həmçinin paraşütçülər təlimlərdə iştirak edən ölkələrin dövlət bayraqlarını havada nümayiş etdiriblər.
“Efes-2022” təlimlərinin mətbuat mərkəzindən verilən məlumata görə bir ay davam edən təlimlərdə bütün tapşırıqlar qüsursuz yerinə yetirilib.