"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Tapşırığın şərtlərinə görə hərbi dənizçilər hərəkərdə olan gəmilərdən müəyyən məsafədə üzən iki mina hədəfini ümumilikdə 32 patron istifadə edilməklə məhv ediblər.
Hakimlər komissiyası hədəflərin məhv olunması və gəmilərin vaxt baxımından poliqonu daha tez tərk etməsi üzrə qiymətləndirmə aparıb.
Tapşırığın yekununda İran komandası 38 balla birinci, Rusiya 36 balla ikinci, Qazaxıstan 34 balla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 28 balla dördüncü yerdə qərarlaşıblar.
Hazırda müsabiqənin növbəti mərhələsi keçirilir.