"Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minib. Həmin Konvensiyaya 133 dövlət qoşulub. Həmin dövlətlər üzərlərinə piyadalara qarşı minadan istifadə etməyəcəkləri, belə mina hazırlamayacaqları, istehsal etməyəcəkləri, başqa cür əldə etməyəcəkləri, toplamayacaqları, saxlamayacaqları, birbaşa və yanakı surətdə heç kəsə verməyəcəkləri barədə öhdəliklər götürüblar".
Bunu "Report"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O hesab edir ki, bu gün dünyada ikili standartlar var: “Bəzi dövlətlər, o cümlədən ABŞ bu Konvensiyadan çıxıb. Harada müharibə gedirsə, münaqişə varsa, bütün tip minalardan istifadə olunur. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə həmin əraziləri minalayıb. Mənfur düşmənlərimiz tərəfindən I Qarabağ müharibəsi zamanında da ərazilərimiz minalanmışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib”.
Ehtiyatda olan polkovnik qeyd edib ki, ermənilərin indiyə kimi törətdikləri vəhşiliklər hamıya məlumdur: "Ona görə də onlardan minalanmış ərazilərin xəritələrini gözləmək mümkünsüz bir şeydir. Onlar belə bir addımı ata biləcək millət və dövlət deyil. Digər tərəfdən də onu deyə bilərəm ki, hələlik Ermənistan bizimlə sülh müqaviləsi bağlamayıb. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Yenə də Ermənistanla müharibə şəraitindəyik. Belə olduğu halda isə onlardan xəritələrin gözlənilməsi məsələsi sual altındadır”.
“Bir hərbçi kimi deyə bilərəm ki, onlar xəritələri versələr belə, biz onlara inanmamalıyıq. Biz bilmirik ki, onları hansı mütəxəssislər hazırlayıb və həmin xəritələr nə qədər reallığı əks etdirir. Çünki mina sahələrinin xəritələrinin hazırlanması xüsusi peşəkarlıq tələb edir. Digər tərəfdən də düşünürəm ki, onlarda kimin haralara mina basdırması ilə bağlı məlumat yoxdur. Son dövrlərdə hansısa sahələrə minaların basdırılması ilə məlumatları ola bilər. Ancaq onu da qeyd edim ki, bizdə heç kim ermənilərin xəritələrinə inanmaz. Çünki bu məsələ, ilk növbədə, əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyi ilə bağlıdır”, - Ş. Ramaldanov bildirib.
Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri aparılır: “Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb edilib. Digər tərəfdən də mütəxəssislər hazırlanır. Hesab edirəm ki, əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyinə ancaq özümüz təmin edə bilərik”.