Zakir Həsənov azad olunan ərazilərdə yeni tikilən hərbi obyektlərin açılışında iştirak edib

Zakir Həsənov azad olunan ərazilərdə yeni tikilən hərbi obyektlərin açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Hərbi
16 Dekabr , 2021 10:01
Zakir Həsənov azad olunan ərazilərdə yeni tikilən hərbi obyektlərin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunmuş ərazilərdə yeni inşa edilmiş hərbi infrastruktur obyektləri ilə tanış olub.

Müdafiə nazirinə məruzə olunub ki, modul tipli yerləşmə məntəqəsi hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Kompleks mərkəzləşdirilmiş istilik sistemi, işıq və su ilə təchiz edilib.

Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonra Müdafiə naziri hərbi hissələrin birində yeni tikilmiş qarovul şəhərciyinin açılış mərasimində iştirak edib.

Bildirilib ki, qısa müddət ərzində müasir standartlara uyğun inşa edilən qarovul evində xidmətin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb.
Binada mərkəzləşdirilmiş istilik sistemi, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.

Qarovul şəhərciyinin ərazisində abadlıq və quruculuq işləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.

Sonda Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi