Hərbi Liseyə mediatur təşkil olunub

Hərbi Liseyə mediatur təşkil olunub Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub.
Hərbi
12 Dekabr , 2021 09:51
Hərbi Liseyə mediatur təşkil olunub

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub.

"Report" xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin liseydəki abidəsi ziyarət edilib.

Daha sonra isə Müdafiə Nazirliyinin rəsmisi, general-mayor Bəkir Orucov hərbi liseyin yaranma tarixi, inkişaf yolu və fəaliyyəti, təlim-tədris prosesi barədə jurnalistlərə ətraflı məlumat verib.

O bildirib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıdakı 2 saylı səkkiz illik internat məktəbinin bazasında yaradılıb: "1997-ci il noyabrın 24-də Ulu Öndərin Sərəncamı ilə məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb".

General-mayor diqqətə çatdırıb ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsas hədəfi Orduya savadlı, bacarıqlı və vətənpərvər zabitlər yetişdirməkdir: "Çalışırıq ki, gələcək zabitlərimiz - kursantlar burada yaxşı təhsil alsınlar, intizamlı olsunlar və ali hərbi məktəblərdə təhsillərini uğurla davam etdirsinlər. Onları Vətən və xalq üçün bacarıqlı, vətənpərvər zabit kimi yetişdirmək əsas vəzifəmizdir. Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu günə qədər 12 mindən çox məzun verib. Məzunlardan 20-dən çoxu general rütbəsinə qədər yüksəlib".

B.Orucov qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra hərbi liseyin məzunları ordu quruculuğunda, respublikanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar: "Liseyin məzunlarından 100-dən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunub, 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Onların adları Azərbaycanın hərb tarixinə əbədi həkk edilib".

O həmçinin bildirib ki, hərbi liseyin zabitləri 44 günlük Vətən müharibəsində mətanətlə vuruşublar: "Vətən müharibəsində hərbi liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib. Onlardan 3-ü yaralanıb, mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı, digərləri isə orden və medallarla təltif olunub".

Azərbaycan Ordusunun generalı bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında ölkəmizdə həyata keçirilən ordu quruculuğundan da danışıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi: "Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı qürurla dalğalanır. Torpaqlarımız azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

Daha sonra isə media nümayəndələri hərbi liseyin tədris korpusları, tibb məntəqəsi, idman kompleksi, interaktiv tir zalı, kursant yataqxanası, yeməkxana və digər inzibati binalarla tanış olub, kursantların məişət şəraiti, hərbi və fiziki hazırlığı, tədris prosesi ilə maraqlanıblar.

Son xəbərlər

Orphus sistemi