Xanlar Vəliyev: "Ötən il hərbi cinayətlərin sayı azalıb"

Xanlar Vəliyev: "Ötən il hərbi cinayətlərin sayı azalıb" Aprelin 8-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı
Hərbi
8 Aprel , 2022 16:17
Xanlar Vəliyev: Ötən il hərbi cinayətlərin sayı azalıb
Xanlar Vəliyev

Aprelin 8-də Hərbi Prokurorluq Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, əvvəlcə kollegiya iclasının iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Kollegiya iclasında çıxış edən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini zamanın tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi qulluqçularla komplektləşdirilib, həmçinin hərbçilərin mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, qeyd olunanlar nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsini şərtləndirib.

Sonra Hərbi prokuror Xanlar Vəliyev cinayətlərin istintaq və məhkəmə təcrübəsinin ildə iki dəfə ümumiləşdirilərək Hərbi Prokurorluğun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə birlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bəzi qəbildən olan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edərək birgə səmərəli fəaliyyətə görə adları çəkilən qurumların rəhbərlərinə təşəkkürünü bildirib və kollegiya iştirakçıları arasında qarşılıqlı məmnunluq ifadə olunub.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev həmçinin deyib ki, səbəbindən asılı olmayaraq Silahlı Qüvvələrdə baş vermiş istənilən ölüm faktı üzrə cinayət işi başlanılıb, bu qəbildən olan hər bir cinayət işinin istintaqı nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub.

Xanlar Vəliyev vurğulayıb ki, bütün bunların nəticəsində də cinayətlər ildən-ilə azalıb və konkret olaraq 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25,0 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz və özünü öldürmə hadisələri 12,5 faiz azalıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin qeyd edib ki, 2022-ci ilin birinci rübündə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayəti, qulluğa səhlənkar yanaşma cinayəti ümumiyyətlə qeydə alınmayıb, baş vermiş özünü öldürmə hadisələri isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb.

Daha sonra məruzəçilər - Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Oktay Ağayev, İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz Əhmədov və Kadrlar şöbəsinin rəisi, ədliyyə polkovniki Elmir Süleymanlı kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış edərək bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb, prokurorluq orqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə geniş məlumat veriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Kollegiya iclasında həmçinin Hərbi Prokurorluğun müvafiq struktur qurumlarının və vəzifəli şəxslərinin arasında iş bölgüsünün aparılması və digər məsələlərlə bağlı işin təşkili qaydalarına, müvafiq əmrə və iş planına dəyişikliklər olunması barədə qərarlar qəbul edilib.

Kollegiya iclasına yekun vuran Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, qanunçuluğun daha da möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi