Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyəti ilə maraqlanır.
"Report"un Qərb bürosunun məlumatına görə, bunu komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dekabrın 6-da Naftalan şəhərində media qurumlarının regional nümayəndələri üçün məlumat sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, hazırda BQXK əməkdaşları Ermənistanda 2 nəfərə baş çəkir, onların vəziyyəti ilə maraqlanır, ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılır.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.