İtaliyanın nüfuzlu “İl Giornale” qəzetinin xüsusi buraxılışı olan “İnsideover” analitik portalında italyan jurnalist Emanuel Pietrobonun müəllifi olduğu “Ərazilərin minalardan təmizlənməsi Ermənistanla Azərbaycan arasında sülh üçün ilkin şərtdir” sərlövhəli məqalə dərc edilib.
“Report”un xəbərinə görə, müəllif məqalədə ötən ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycanın 30 il Ermənistan işğalı altında qalan əraziləri üzərində suverenliyini bərpa etdiyini, 1992-ci ildən bəri ilk dəfə olaraq bu il Şuşada Novruz şənliyi keçirdiyini bildirir. Vurğulanır ki, 1990-cı illərin əvvəllərində işğal edilmiş rayonların azad olunması ilə nəticələnən müharibədən dərhal sonra Prezident İlham Əliyev qısa müddətdə işğaldan azad edilmiş ərazilərin bərpası və Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən nəqliyyat infrastrukturu ilə bağlı yol xəritəsi müəyyənləşdirib.
Jurnalist yazır ki, Ermənistan rəhbərliyi Naxçıvanla Azərbaycanın əsas hissəsinin nəqliyyat əlaqəsinin bərpasına mane olmaq üçün Zəngəzur dəhlizinin yaradılması işlərini qəsdən ləngidir, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda normal həyata qayıdış və nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün vacib olan ərazilərin minalardan təmizlənməsi kimi fundamental məsələlərdə əməkdaşlıq etmək istəmir.
“İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq üç aydan çox vaxt keçib, ancaq Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməyib. Bu davranış həm Azərbaycan, həm də Rusiya üçün ciddi fəsadlara gətirib çıxarır. İndiyədək 17 mindən çox partlayıcı maddə zərərsizləşdirilib, lakin ərazilərin minalardan təmizlənməsi zamanı rus sülhməramlıları arasında ölüm və yaralanma halları da qeydə alınıb”, - deyə jurnalist vurğulayır. Həmçinin diqqətə çatdırılır ki, azad edilmiş ərazilərdə dekabrdan bəri mina partlayışları nəticəsində 12 mülki azərbaycanlı həyatını itirib, 14 nəfər isə yaralanıb.
Məqalədə qeyd olunur ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması fonunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək üçün səfərbər olub və bununla bağlı dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlayıblar.
Jurnalist, eyni zamanda, İtaliyanın da bu məsələ ilə bağlı mövqeyinə toxunub. Bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirak edən və bir çox sahələrdə rəsmi Bakının əsas tərəfdaşı olan İtaliya Azərbaycanın müraciətlərinə biganə qalmayıb.
Məqalədə, həmçinin martın 2-də İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul edilən qətnamədə rəsmi Bakının 9 noyabr tarixli üçtərəfli bəyanata tam əməl etməsinin Ermənistanın diqqətinə çatdırıldığı, sülhün və mülki şəxslərin həyatının qorunması üçün rəsmi İrəvanın konstruktiv addımlar atmağa çağırıldığı qeyd olunub.