“Xidməti-döyüş fəaliyyətlərinin icrasında da əhəmiyyətli dönüş yaranıb. Ali Baş Komandanın tapşırığına əsasən şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə mətbəx, təmizlik və digər məişət işlərinin görülməsi üçün müvafiq vəzifələrə mülki şəxslər cəlb olunub. Beləliklə də, şəxsi heyət təsərrüfat və məişət işlərindən uzaqlaşdırılaraq yalnız hərbi xidmətlə bağlı tapşırıqların icrasına cəlb olundu. Həyata keçirilən bu islahatların nəticəsində 20 mindən artıq mülki şəxs yeni iş yerləri ilə təmin olundu”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.
O deyib ki, Ali Baş Komandan qəbul etdiyi qərarların səmərəli icra yollarını göstərməklə yanaşı, bütün proseslərin özünün şəxsi nəzarəti altında həyata keçirilməsini tələb edir: “İşğal altında olan torpaqlarımızın azad olunması cənab Prezidentin fəaliyyətində ən əsas, ən vacib məsələ idi. O, bu məsələni daim diqqət mərkəzində saxlayır, hər gün bizə konkret tapşırıqlar verirdi.
Ordunun, döyüş hazırlığının, silahlanmasının, hərbi qulluqçuların maddi təminatının və digər sahələrin vəziyyəti barədə dövlət başçısına gündəlik məruzə olunurdu. Müvafiq tapşırıq və göstərişlər alınır, komandir-rəis heyətinə çatdırılır və tapşırıqların operativ icrası təmin edilirdi. Cənab Prezidentin islahatlarının əsas hədəflərindən biri olan ordunun bütün hərbi hissələrinin vahid mərkəzdən və operativ idarə edilməsinin təmin olunması ən böyük nailiyyətlərdən sayılmalıdır”.
Ali Baş Komandan nəinki yeni tikilən böyük və ortamiqyaslı hərbi infrastruktur obyektlərinin, hətta cəbhə xəttindəki səngərin vəziyyəti ilə belə maraqlanırdı: “Ordumuzla bağlı ən sadə detallar belə onun diqqətindən yayınmırdı. Onun tapşırığına əsasən mən və nazirliyin rəhbər heyəti davamlı olaraq təmas xəttində, ən ucqar, ən hündür nöqtələrdə olarkən cənab Prezidentə vəziyyətlə bağlı birbaşa oradan məruzə edilirdi. Bəli, Ali Baş Komandanın iş metodu, fəaliyyət üslubu belə idi, indi də eyni tərzdə davam edir.
Bu gün də dövlət başçısı ön xətdə yerləşən hərbi hissələri ziyarət edir, hərbi qulluqçularla dost kimi söhbət edir, qayğıları ilə maraqlanır, onları mükafatlandırır və bir süfrə arxasında nahar edir. Belə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji durumuna müsbət təsir edir və hərbi qulluqçularda xoş əhvali-ruhiyyə yaradır”.
Cənab İlham Əliyevin göstərişinə əsasən və rəhbərliyi ilə müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir”.