Vətən müharibəsində qazanılan qələbənin ikinci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının və media nümayəndələrinin iştirakı ilə “Zəfər zirvəsi”nə ekspedisiya təşkil olunub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə alpinistlər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.
"Zirvəyə doğru" adlı ekspedisiyanın iştirakçıları təyin olunmuş marşrut üzrə mürəkkəb relyefə malik dağlıq ərazini keçərək zirvəyə qalxıblar.
"Zəfər zirvəsi"ndə ekspedisiyanın iştirakçıları Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.