Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Dövlət Himnimiz səsləndirildikdən sonra gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.
Polkovnik Mübariz Rzayev hərbi andı qəbul edən əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Gənc əsgərlər adından çıxış edən Xeybər Abbaszadə müzəffər Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu bildirib, ölkəmizin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən igid oğullarımız kimi Vətəni qoruyacaqlarına söz verib.
General-mayor Fazil Ağalarov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, Vətənə sədaqət andı içən gənc əsgərlər keçirilən məşğələlərdə nümunəvi iştirak edərək növbəti xidmət yerlərinə yenilməz döyüşçi kimi yollanacaqlar.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.