Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ

Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ Hər bir ölkə üçün sərhədlərinin mühafizəsi dövlətin təhlükəsizliyi üçün prioritetdir. Son zamanlar artan narkotik qaçmalçılığı, xarici dövlətlərdə fəaliyyət göstərən cinayətkar qruplaşmalar, kütləvi qırğın silahlarının və onların komponentlərinin sərhədlə
Hərbi
22 Noyabr , 2024 17:47
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ

Sərhədlərin mühafizəsi hər bir dövlətin ümumi təhlükəsizliyi üçün prioritetdir. Son zamanlar narkotik qaçaqmalçılığı, xarici dövlətlərdə fəaliyyət göstərən cinayətkar qruplaşmalar, kütləvi qırğın silahları və onların komponentlərinin sərhədlərdən qanunsuz keçirilməsi cəhdləri, həmçinin qlobal miqyasda sərhəd mühafizəsində yaranan xarici təhdidlərin artması dövlətləri bu istiqamətdə nəzarəti daha da gücləndirməyə məcbur edib.

Azərbaycan da sərhədlərinin mühafizəsi istiqamətində yeni dövrə qədəm qoyub. Qarabağ və ətraf ərazilər işğaldan azad olunduqdan sonra orada yeni sərhəd strukturları yaradılıb. Bununla yanaşı, sərhədlərin mühafizəsi üzrə peşəkar kadrların yetişməsi üçün tədris müəssisələrinin imkanları artırılıb.

Azərbaycan sərhədlərinin mühafizəsi prosesi ilə yaxından tanış olmaq üçün Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Sərhəd Qoşunlarının "Şəmkir" Sərhəd Dəstəsinin ərazisinə yollandıq.

Burada "Qazax" Əlahiddə Diviziyasının işi ilə yanaşı, Qazax rayonunun işğaldan azad olunan kəndlərində qoşunların fəaliyyəti ilə tanış olmaq imkanımız da yarandı.

Əvvəlcə DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" Sərhəd Dəstəsində qoşunların fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov qoşunların tarixi və fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin diqqəti nəticəsində hələ sovet hökuməti dövründə peşəkar sərhədçilərin yetişməsinə böyük önəm verilib.

O dedi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Sərhəd Qoşunlarının maddi-texniki təminatı artırılıb, sərhədçilər lazım olan bütün avadanlıqlarla təchiz olunub.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərhədçilərə göstərdiyi diqqətin nəticəsidir ki, o, 17 dəfə sərhədçilərlə görüşüb. Ali Baş Komandanın ilk görüşü 2004-cü ilin iyul ayının 21-də “Xudat” Sərhəd Dəstəsinin şəxsi heyəti ilə olub və bununla da sərhəd mühafizəsində yeni səhifə açılıb.

2005-ci il dekabr ayının 23-də “Şəki” Sərhəd Dəstəsinin, 2006-cı il aprel ayının 14-də “Zaqatala”, 2010-cu il aprel ayının 29-da “Göytəpə”, 2013-cü il sentyabr ayının 27-də “Horadiz”, 2014-cü il yanvar ayının 7-də “Şəmkir”, 2021-ci il oktyabr ayının 21-də “Zəngilan”, 2021-ci il oktyabr ayının 25-də “Qubadlı” Sərhəd dəstələri, 2019-cu il fevral ayının 28-də “Naxçıvan” və 2023-cü il avqust ayının 7-də isə “Qazax” Əlahiddə Sərhəd diviziyaları inşa edilib, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verilib", - deyə general-leytenant qeyd etdi.

DSX-nin Sərhəd Qoşunları Komandanlığının fəaliyyətə başladığı dövrdən bu günədək sərhəd pozucularına qarşı mübarizədən danışan A.Məmmədov dedi ki, Sərhəd Qoşunları fəaliyyətə başladığı 2017-ci ildən bu günədək 162 milyon 610 min 694 manat dəyərində olan narkotiki qanunsuz dövriyyədən çıxarıb.

"Eyni zamanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq olan narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib", - deyə o bildirib.

Sərhəd Qoşunları komandanı, həmçinin əlavə edib ki, Sərhəd Qoşunları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasına (COP29) hazırlıqla əlaqədar zəruri tədbirlər görüb və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.

Sonra Sərhəd Qoşunlarının "Şəmkir" Sərhəd Dəstəsinin xidməti ərazisinə baxış keçirildi. Media nümayəndələrinə dəstənin fəaliyyəti barədə məlumat verildi. Sərhəd Dəstəsinin xidməti itləri müvafiq tapşırıqlar icra etdilər. Qeyd olundu ki, bu itlər sərhədlərin mühafizəsində etibarlı vasitədir. Həmçinin, media nümayəndələrinə hərbi hissədə olan silah-sursatlar, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verildi.

Daha sonra DSX-nin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasına yollandıq.

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş leytenantı Bəybala Bağırbəyli dedi ki, zastavada olan Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur:

"Silahın satışı məhduddur və az sayda ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir. Silah lülə qutusu və lülədən ibarətdir".

Sonra Azərbaycan və Gürcüstan sərhədində yerləşən "Babəkər" zastavasında şərti sərhəd pozucularının zərərsizləşdirilməsi əməliyyatını müşahidə etdik.

Qeyd edildi ki, ərazidə quraşdırılan kameralar vasitəsilə 20 kilometrlik ərazini müşahidə etmək mümkündür. Bu kameraların dövlət sərhədinin mühafizəsi işində effektiv vasitə olduğu bildirildi.

DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, baş leytenant Qoşqar Behbudzadə dedi ki, DSX-nin Sərhəd Qoşunları istənilən şəraitdə gecəgörmə cihazları, dronlar, termal kameralar, eləcə də yeni nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizəsini həyata keçirir.

Zabit əlavə etdi ki, qoşunlarda “KS 205” müşahidə sistemləri mövcuddur və həmin sistemlər vasitəsilə çətin relyefdə sərhəd pozucuları vaxtında aşkar olunur: "Dövlət sərhədinin toxunulmazlığı daim nəzarətimizdədir. Sərhədlərimizi etibarlı şəkildə mühafizə və müdafiə edirik. Sərhəd pozucularına qarşı odlu silahdan istifadə son zərurətdir. Onlarla mübarizə hüquq-mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini pozmağa cəhd göstərdikdə, silahlı müqavimət göstərdikdə və digər hallarda sərhəd naryadı qanunla müəyyən olunmuş qaydalarla silah tətbiq edir".

"Babəkər" Sərhəd Zastavasının fəaliyyəti ilə tanış olduqdan sonra Qazax rayonunun işğaldan azad olunan Xeyrimli kəndinə yola düşdük. Bu kənddə DSX-nin Sərhəd Qoşunlarının hərbçiləri xidmət göstərir. Bir neçə metr irəlidə delimitasiya olunmuş Azərbaycan-Ermənistan sərhədi görünür.

Zastavanın xidmət göstərdiyi ərazidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Buradan qarşı tərəf daim müşahidə altında saxlanılır. Hər hansı bir hərəkətlənmə qeydə alınarsa, dərhal aidiyyəti üzrə məruzə edilir.

Sərhəd Qoşunları komandanı Araz Məmmədov qeyd etdi ki, gələn il Qazaxın işğaldan azad olunan kəndlərində yeni sərhəd zastavaları yaradılacaq. Onun sözlərinə görə, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisindəki zastava müvəqqəti qurulub: "Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək".

Xatırladaq ki, Azərbaycan sərhədçiləri bu ilin may ayında Ermənistanla sərhədin delimitasiyası prosesi çərçivəsində qaytarılan Qazax rayonunun dörd kəndini nəzarətə götürüb. Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri üzərində Azərbaycan bayrağı ucaldılıb, bu barədə Dövlət Sərhəd Qoşunlarının komandiri Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Qazax rayonunun bu kəndləri 90-cı illərin əvvəllərində erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Kəndlər yandırılıb, sakinlərin bir hissəsi həlak olub, bir hissəsi isə qaçqın düşüb.

Foto: Tapdıq Abdullayev

Son xəbərlər

Orphus sistemi