"Qələbə marşı" ilə başa çatan tədbirdə şəhid zabitin xatirəsi anılıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun igid döyüşçülərindən biri olan kapitan Əkbər Pənahov "Dəmir Yumruq" əməliyyatı ilə başlanan və Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsinin ilk günündə böyük qələbəyə inam, düşmənə nifrət hissi ilə döyüş meydanına atılmış və Murovdağın strateji yüksəkliklərinin azad olunması uğrunda hərbi əməliyyatlarda fəal iştirak etmişdir.
Motoatıcı taborun qərargah bölüyünün tank əleyhinə taqımının komandiri vəzifəsindən motoatıcı tabor komandirinin müavini vəzifəsinə və "kapitan" hərbi rütbəsinə yüksələn peşəkar və təcrübəli zabitimiz gərgin keçən döyüşlərdə silahdaşları ilə birlikdə düşmənə canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki vermiş və müharibənin üçüncü günündə itkin düşmüşdür.
Dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevin tapşırığı, Müdafiə Nazirliyi və digər dövlət strukturlarının beynəlxalq təşkilatlarla apardığı danışıqlar və axtarışların sayəsində şəhidin nəşi 9 aydan sonra Bakıya gətirilmiş, İkinci Şəhidlər xiyabanında hərbi və dini ənənələrə uyğun olaraq dəfn edilmişdir.
Pənahovlar ailəsi bu müddət ərzində həmişə təmkin, dözüm nümayiş etdirmiş və ölkə başçısının şəhid ailəsinin tezliklə intizarına son qoyacağına inanmışdır.
Müdafiə Nazirliyi və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri, ailə üzvləri, Gürcüstan Respublikasından gələn qohumları, döyüşçü dostları və ictimaiyyət nümayəndələri igid zabitimiz Ə.Pənahovun doğum günü münasibəti ilə İkinci Şəhidlər xiyabanına gələrək şəhidin məzarını ziyarət edib, önünə çələng və güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra şam ağaclarının kölgəsində igid döyüşçünün doğum gününə həsr olunmuş xatirə mərasimi keçirilib.
Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpasında, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsində həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Polkovnik Abdulla Qurbani şəhidin otuz illik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıb, Murovdağ döyüşləri haqqında xatirələrini söyləyib və unudulmaz Xalq şairimiz Məmməd Arazın hələ 1994-cü ildə Murovdağ qartalları ilə görüşdə dediyi fikirləri yada salıb. O vaxt Ömər aşırımında keçirilən görüşdə sevimli Xalq şairimiz demişdir: “Murov əsgərinin bir gününü yaşamağın özü də bir ömürdür. Sərt şaxtayla, çovğunla, boranla üz-üzə dayanaraq Vətən torpaqlarının keşiyini çəkən hər bir Murov döyüşçüsünün hünəri bir qəhramanlıq dastanıdır”.
Bu mənada, şəhid Ə.Pənahovun həyatı və xidməti də bir qəhrəmanlıq dastanıdır.
Nəzərə çatdırılıb ki, Ə.Pənahov 1990-cı il avqustun 12-də Gürcüstan Respublikasının indiki Bolnisi rayonunun Musopriani (tarixi Babakişililər) kəndində doğulub və valideynləri ilə birlikdə Bakı şəhərinə köçüblər. Bakı şəhərindəki 269 saylı orta məktəbdə təhsil alıb. Sonra isə taleyini Vətənə xidmət peşəsinə, hərbi peşəyə həsr edib.
2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit İxtisas kursu”nu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc leytenant kimi xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib, qarşısına qoyulan tapşırıqları uğurla yerinə yetirmək üçün səylərini əsirgəməyib. Komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb. Sağlığında Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.
A.Qurbani tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, kapitan Ə.Pənahovun Vətən müharibəsində iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi mərdlik və igidlik göstərdiyinə görə döyüş orden və medalları ilə təltif olunması haqqında müvafiq təqdimatlar göndərilib və ölümündən sonra o, bu il ilk dəfə qeyd edəcəyimiz Zəfər Günündə, layiq olduğu mükafatlarla təltif olunacaqdır.
Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov Xətai rayonunda da şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilməsindən danışıb və bu məsələlərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daim nəzarətində olduğunu qeyd edib.
Gənclər adından çıxış edən Tural Məmmədov bu gün də Azərbaycan gənclərinin, Azərbaycan gəncliyinin Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb.
Şəhidin valideynləri: atası Bəylər Pənahov və Mayqa ana övladları ilə fəxr etdiklərini bildirib, qürurla "Vətən sağ olsun!" deyərək başlarını dik tutublar.
Daxili Qoşunların baş çavuşu şəhid Vüqar Cəfərovun anası Səmayə xanım təbir iştirakçılarının arasından çıxaraq Əkbərin anasını qucaqlayıb və uca səslə deyib: “Biz şəhid analarına ən böyük təsəlli övladlarımızın intiqamının alınması və torpaqlarımızın işğaldan azad olunmasıdır. Müzəffər Ali Baş Komandanımıza, xalqımıza minnətdarıq ki, ağrılı, üzüntülü günlərimizdə bizi yalqız qoymadılar. Bu şəhidlərin hərəsi bir ocaqdan çıxsa da, bu gün bütöv Azərbaycanın, xalqımızın şəhidləri oldular. Biz övladlarımızla fəxr edirik. Qoy Azərbaycan Bayrağı həmişə yüksəklərdə dalğalansın!”.
Gürcüstan Respublikasından gələn Xanım nənə: “Əkbər mənim atamın adıdır, atamın adına layiq nəvə oldu qəhrəman balam. Qoy hamı bilsin, Azərbaycan dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların qibləsidir, Vətənidir. Biz, Gürcüstan azərbaycanlıları da qəlbimizin paytaxtı Azərbaycanımızın uğurlarına, zəfərinə çox sevinirik. Bizim kənddən pərvazlanan və sonralar Bakıda yaşayan, burada təhsil alan, Qarabağ döyüşlərində canlarından keçən üç şəhidimiz var. Azərbaycan ürəyimizdir, canımızdır. Arzum budur ki, Allah bu dövləti, bu millləti bədnəzərdən, qara qüvvələrdən qorusun!”,- deyib.
Tədbir "Qələbə marşı" nın sədaları altında başa çatıb.