Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyev, kiçik leytenantlar Vüsal Muradov və Seymur Abbasovun doğum günü ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində anım mərasimi keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Hərbi Məktəbin müəllim, zabit və kursant heyəti, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak ediblər.
Anım mərasimində ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun qazandığı tarixi qələbədən, döyüşlərdə göstərilən qəhrəmanlıq və igidlik nümunələrindən danışıblar.
Şəhidlərimizin silahdaşları onların keçdiyi qısa və şərəfli döyüş yolundan söhbət açıb, onlarla bağlı xatirələrini bölüşüblər.
Şəhid kiçik leytenantlar Vüsal Muradov və Seymur Abbasovun ailə üzvləri övladlarının təhsil aldığı hərbi məktəblə tanış olub, yataqxanada şəhidlərin xatirəsinə həsr olunan guşələrə baxıblar.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin və xanəndə Kənan Bayramovun ifasında vətənpərvərlik mövzusunda olan mahnılarla davam edib.
Sonda tədbir iştirakçıları şəhidlər üçün yaradılmış fotostendlərlə tanış olub, xatirə şəkli çəkdirib.