Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) Zenit-raket qoşunları və hərbi aviasiyanın qarşılıqlı fəaliyyətinin təşkilini yoxlamaq məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti HHQ-nin Birləşmiş komanda məntəqəsində olublar.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, HHQ komandanı, general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Birləşmiş komanda məntəqəsinin fəaliyyəti barədə Müdafiə nazirinə məruzə edib.
Bildirilib ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə HHQ-nin fasiləsiz döyüş növbətçiliyinin aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir. Qeyd edilib ki, təlimlər çərçivəsində komanda məntəqəsi həmçinin şərti düşmənin aşkar olunan hava hədəflərinin məhv edilməsi üçün əldə edilən məlumatların zenit-raket komplekslərinin komanda məntəqələrinə ötürülməsini təmin edir.
Birləşmiş Komanda Məntəqəsindəki şəraitlə maraqlanan müdafiə naziri xidmətin və döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.