Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi hissələrdə "Tərbiyəvi işin təşkili və psixoloq" ixtisasları üzrə zabilərin nəzəri bilikləri, praktiki fəaliyyətləri və fiziki hazırlıqları yoxlanılıb, məqbullar qəbul edilərək müvafiq tapşırıqlar verilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, həmçinin bu tədbirlər çərçivəsində idarənin zabitləri tərəfindən şəxsi heyətlə "Heydər Əliyev və ordu quruculuğu", "Dini tolerantlıq - dini radikalizmə qarşı mübarizə" və digər mövzular barədə söhbətlər aparılıb, komandir (rəis) heyətinə bu sahədə metodiki tövsiyələr çatdırılıb.
Yoxlama zamanı əsas diqqət şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması, eləcə də hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir (rəis) heyətinə yaxından köməkliyin göstərilməsinə yönəldilib.